SİYASƏT


Azərbaycanın və Rusiyanın Xarici İşlər nazirlərinin görüşü olub

Dekabrın 3-də Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ilə Bakıda rəsmi səfərdə olan Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov arasında ikitərəfli görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, təkbətək formatda başlanan fikir mübadiləsi daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.
Nazirlər strateji tərəfdaşlıq səviyyəsində inkişaf edən çoxşaxəli Azərbaycan-Rusiya münasibətlərinin hər iki ölkənin maraqları və ümumiyyətlə regionun sabitliyi, habelə tərəqqi üçün yeni imkanların açılması baxımından önəmli olduğunu bildiriblər. Mütəmadi xarakter daşıyan dövlət başçılarının qarşılıqlı səfərləri və müxtəlif çoxtərəfli zirvə toplantıları çərçivəsində təmasları iki ölkə arasında təşəkkül tapmış intensiv dialoqun və əməkdaşlığın bariz nümunələri kimi qeyd edilib.