İQTİSADİYYAT


Hövsan Yaşayış Kompleksinin mənzillərinin təmir nümunələri təqdim olundu

Azərbaycan Respublikası Prezidentinin 16.11.2016-cı il tarixli 1113 nömrəli Fərmanı ilə təsdiq edilmiş Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi qaydasına uyğun olaraq Hövsan Yaşayış Kompleksinin bütün mənzilləri tam təmirli və istismara hazır vəziyyətdə vətəndaşlara təklif ediləcək.
Yasamal Yaşayış Kompleksində olduğu kimi Hövsan Yaşayış Kompleksinin mənzilləri ənənəvi olaraq 2 cür təmir edilmişdir. Təmir növləri dizayn və rəng seçimi ilə fərqlənir. Bütün mənzillər yüksək keyfiyyətli tikinti materiallarından istifadə olunmaqla tikinti standartlarına uyğun zövqlə təmir edilmişdir.
Güzəştlə satılacaq bu mənzillər mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təhvil veriləcək. Eyni zamanda, hər bir mənzilə rabitə, televiziya və internet xətləri də çəkilmişdir.