SİYASƏT


Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev də “Təmiz əllər” kampaniyasında iştirak edib

ÜST tərəfindən vacib tövsiyələrdən biri olan gigiyena qaydalarına və bu xüsusda da əllərin düzgün qaydada yuyulmasına riayət edilməsi mühüm məqamlardan biridir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı tərəfindən elan edilən “Təmiz əllər” kampaniyasında iştirak edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Kampaniyada iştirak edən Hikmət Hacıyev koronavirus üçün xarakterik simptomlar olan quru öskürək, yüksək hərarət və s. kimi halların müşahidə olunması zamanı vətəndaşlarımızı təcili tibbi yardıma müraciət etməyə səsləyib. H.Hacıyev kampaniyanı bu ifadələrlə başa çatdırıb: “Prezident İlham Əliyevin qeyd etdiyi kimi “Biz birlikdə güclüyük” və biz birlikdə koronavirusa qalib gələcəyik”.
Qeyd edək ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İdarə Heyətinin sədri Ramin Bayramlıdan estafeti qəbul edən Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqer kampaniyada iştirak edib və estafeti Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevə ötürüb. Keçirilən kampaniyada BMT-nin Azərbaycandakı nümayəndələri, beynəlxalq qurumların rəhbərləri və Azərbaycan rəsmiləri iştirak ediblər.