DTX Biləsuvarda keçirdiyi əməliyyatın görüntülərini yayıb
01.05.2020 [12:47]
Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejiminin tətbiq edildiyi, dövlət strukturlarının fəaliyyətinin əhalinin sağlamlığının qorunması istiqamətində səfərbər olunduğu bir vaxtda bəzi vəzifəli şəxslərin mövcud vəziyyətdən şəxsi maraqları naminə istifadə edərək vətəndaşların və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, hakimiyyət orqanlarının fəaliyyətinə kölgə salan hüquqazidd əməllərə yol vermələrinə dair məlumatlar əsasında araşdırma tədbirləri həyata keçirilməkdədir.
Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, toplanmış materiallar üzrə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyevin birinci müavini Xanlar Məmmədov vasitəsilə xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar maddi yardıma ehtiyacı olan şəxslərə sosial yardım üçün ayrılan vəsaitin bir qismini hissə-hissə mənimsəməsi, habelə icra hakimiyyətinin sərəncamında olan digər vəsaitlərdən sosial yardım adı altında ayıraraq hissəsinin ona verilməsini tapşırmasına dair əsaslı şübhələr müəyyən olunmuşdur.