SİYASƏT


İsraildə erməni kilsəsinin qarşısında Azərbaycana dəstək aksiyası təşkil olunub

İsraildə yaşayan soydaşlarımız və bu ölkənin bir sıra vətəndaşları Azərbaycana dəstək aksiyası keçiriblər.
AZƏRTAC xəbər verir ki, aksiya Təl-Əviv - Yaffo şəhərində erməni kilsəsinin yerləşdiyi ərazidə baş tutub. Aksiya iştirakçıları Qarabağın Azərbaycan ərazisi olduğunu bildirərək, Ermənistanın işğalına son qoyulması tələbini irəli sürüblər.
Azərbaycan və İsrail bayraqlarının dalğalandırıldığı aksiyada dünya birliyinə müraciət edilərək, Dağlıq Qarabağ və ətraf rayonların işğalına diqqət ayrılması məsələsi qaldırılıb. Aksiyada Azərbaycan və İsrailin Dövlət himnləri səsləndirilib. Kütləvi tədbir “Azərbaycan” şüarları ilə davam edib.
Qeyd edək ki, aksiya İsraildəki “Azərbaycan Evi”nin rəhbəri Nexemya Şirin Mixaelinin təşkilatçılığı ilə reallaşıb.