SİYASƏT


Bakı-Tbilisi-Ceyhan neft kəmərinin hədəfə alınması Avropanın enerji təhlükəsizliyinə zərbədir

Döyüş meydanında uduzan Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycan torpaqlarında mülki əhalini hədəfə alır. Evlərə, obyektlərə, təsərrüfatlara atılan raket zərbələri nəticəsində dinc insanlar yaralanır, həlak olur. Məğlubiyyəti ilə barışa bilməyən düşmən tərəfi artıq strateji obyektlərə zərər verməyə cəhd göstərir. Oktyabrın 4-də Mingəçevirdə “Azərbaycan” İstilik Elektrik Stansiyasına atdıqları raket stansiyaya heç bir zərər vermədi. İşğalçı ölkənin silahlı qüvvələri oktyabrın 6-da regionun ən böyük strateji layihəsi, Avropanın enerji təhlükəsizliyi sahəsində mühüm yer tutan Bakı-Tbilisi-Ceyhan neft kəmərini hədəfə aldı. Kəmərin Yevlax rayon ərazisindən keçən hissəsinə raket zərbələri endirilsə də, Ordumuzun qətiyyətli tədbirləri nəticəsində həmin terror cəhdinin qarşısı alındı. Milli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə görə, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin hədəfə alınması regionun, o cümlədən Avropanın enerji təhlükəsizliyinə zərbədir.