SİYASƏT


İ24 news TV: Azərbaycan işğal altındakı torpaqlarını azad etdikdən sonra atəşkəsə hazırdır

Bu ilin iyul ayında Ermənistanın Azərbaycanın Tovuz rayonu istiqamətində hərbi təxribata əl ataraq beynəlxalq sərhədlərimizi pozması, ölkəmizin çox mühüm enerji infrastrukturu üçün təhlükə yaratması, münaqişəni beynəlmiləlləşdirməyə cəhd etməsi, Ermənistan baş nazirinin son aylarda müxtəlif ölkələrdə erməni lobbisi ilə görüşləri zamanı səsləndirdiyi təxribatçı fikirlər, xüsusilə də Qarabağla bağlı söylədiyi “Qarabağ Ermənistanındır” sözləri onsuz da Azərbaycanın səbir kasasını daşırmışdı. Beləliklə, sentyabrda erməni silahlı qüvvələrinin hücumuna Azərbaycan tərəfi əks-hücumla cavab vermək barədə qərar qəbul etməyə məcbur oldu.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev “İ24news” televiziya kanalına müsahibəsində deyib.