DÜNYA


Çin və Nepal Comolunqma zirvəsinin hündürlüyünü açıqlayıblar: 8848 metr 86 santimetr

Çin və Nepal dünyanın ən uca nöqtəsi olan Comolunqmamın (Everest) hündürlüyünün son ölçmələrə əsasən 8848 metr 86 santimetr olduğunu açıqlayıb.
AZƏRTAC xəbər verir ki, zirvənin hündürlüyünün yenidən ölçülməsi ilə bağlı Çin və Nepal arasında ötən il əldə olunmuş razılığa əsasən cari ilin yazında Çin mütəxəssisləri Comolunqmaya missiya həyata keçiriblər. Çin tərəfi Comolunqma zirvəsinin hündürlüyünün yenidən ölçülməsi missiyasına aprelin 30-da start verib. Zirvənin ölçülməsi Çinin Təbii Ehtiyatlar Nazirliyinin, İdman Baş İdarəsinin və Tibet muxtar rayonu hökumətinin Comolunqma dağı ilə bağlı həyata keçirdiyi irimiqyaslı kompleks elmi tədqiqat layihəsinin bir hissə olub. Çin ilə Nepalın sərhədində yerləşən dağın ölçməsini həyata keçirən missiyanın üzvləri yüksək ərazidə və soyuq iqlim şəraitində tədqiqat aparmaq üçün təlimlərdə iştirak ediblər. Missiya Comolunqmanın hündürlüyünü ölçmək üçün qravimetrdən, qar dərinliyini müəyyən edən radardan və meteoroloji ölçü cihazından, habelə qlobal naviqasiya peyk sisteminin və 5G mobil rabitə şəbəkəsinin imkanlarından da istifadə edir. Çin missiyasının üzvləri mayın 27-də səhər saatlarında dağın zirvəsinə çatıblar.