CƏMİYYƏT


Ümumdünya Səhiyyə Təşkilatı ekspertlərinin Çinə səfəri başlayıb

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertlər qrupu COVID-19 infeksiyasının mənşəyinin tapılması istiqamətində araşdırmalar aparmaq üçün Çinə gəlib.
AZƏRTAC xəbər verir ki, ÜST heyəti Sinqapurdan təyyarə ilə birbaşa Uxan şəhərinə gəliblər. Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin məlumatına əsasən, ÜST ekspertləri araşdırmalara başlamazdan əvvəl Çində epidemiya əleyhinə proseduradan keçməlidirlər. Bura hava limanında və sonrakı günlərdə bir neçə dəfə burun-boğaz yaxma testinin, qan analizlərinin verilməsi, ən əsası isə xüsusi karantin yerlərində 14 günlük məcburi özünütəcrid dövrünü keçməkdir. On nəfərdən ibarət heyətin Çinə səfəri 5-6 həftəni əhatə edəcək və epidemiyanın ilk olaraq başladığı Hubey vilayətinin paytaxtı Uxan şəhəri diqqət mərkəzində olacaq. Ekspertlər rəylərini öz müşahidələrinə, eləcə də Çin mütəxəssisləri tərəfindən heyvan və insanlardan toplanmış nümunələrə əsasən verəcəklər.