CƏMİYYƏT


Bakıda şirkət taksilərinin avadanlıqlarını oğurlayan şəxslər saxlanılıblar

Bakıda taksi şirkətinə məxsus avtomobillərin səsboğucu sistemlərini, yəni katalizatorlarını oğurlayan şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Binəqədi rayonunda yerləşən “Ağ Şəhər” taksi şirkətinə məxsus müxtəlif şəxslərə icarəyə verilən 5 ədəd “Daewoo” markalı nəqliyyat vasitəsinin ümumi dəyəri 2500 manat olan səsboğucu sistemi, yəni katalizatoru oğurlanıb. Bu barədə ərazi üzrə Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə məlumat verilən kimi dərhal araşdırmalara başlanılıb. Məlum olub ki, nəqliyyat vasitələrinin katalizatorları elə həmin maşınları icarə əsasında idarə edən sürücülər tərəfindən, vətəndaş Pərvin Rəhimlinin təklifi əsasında oğurlanıb. Bölmə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində həmin şirkətə məxsus taksiləri idarə edən sürücülər Gündüz Nəcəfov, Pərvin Rəhimli, Murad Nəcəfov, Seymur Şamilov və oğurluq katalizatorları alan Qabil Babayev saxlanılıb.