CƏMİYYƏT


Paytaxtın Nobel prospektində oğurlanmış yağış barmaqlıqları bərpa olunub

Səth sularının normal axıdılması üçün nəzərdə tutulan və yolun hərəkət hissəsinin kənarlarında yerləşən yağış sistemlərinə aid quyuların barmaqlıqlarının ən çox oğurlandığı ərazilərdən biri paytaxtın Nobel prospektidir. Prospektdə qısa müddət ərzində 97 ədəd barmaqlıq yoxa çıxıb. Baş vermiş hadisə ilə bağlı yol təsərrüfatına külli miqdarda ziyan dəyib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, oğurluq faktı ilə əlaqədar agentlik tərəfindən hüquq-mühafizə orqanlarına məlumat verilib və qısa müddət ərzində yağış barmaqlıqlarını oğurlayanlar aşkar edilərək məsuliyyətə cəlb olunublar.
Oğurlanmış barmaqlıqların 19-u geri qaytarılıb, 78-i isə bu gün agentlik tərəfindən alınaraq çatışmayan yerlərə qoyulub.