CƏMİYYƏT


Sanitariya-gigiyena qaydalarını pozanlar cərimələniblər

Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazilərində reydlər keçiriblər.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, aprelin 6-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə keçirilən tədbir zamanı Nəsimi rayonu ərazisində yerləşən mebel sexinin həyətində sənaye tullantılarının qalaqlanması və yandırılması faktı aşkar edilib. İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə İmişli rayon sakini B.Cəfərov barəsində protokol tərtib edilərək 500 manat məbləğində cərimələnib.