CƏMİYYƏT


Polis 64 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar zamanı yüksək təsiredici xassəyə malik ümumi çəkisi 64 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddənin qeyri-müəyyən yollarla ölkə ərazisinə gətirilərək realizə olunmasının qarşısı alınıb.
Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əldə edilən əməliyyat məlumatı əsasında həyata keçirilən növbəti uğurlu tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakinləri Müşfiq Mirzəyev və Nadir Babayev saxlanılıblar.
Nadir Babayevin Novxanı qəsəbəsindəki bağ evinə baxış zamanı oradan ümumi çəkisi 64 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə, o cümlədən, 38 kiloqram 867 qram heroin, 19 kiloqram 960 qram metamfetamin, 1 kiloqram 200 qram tiryək, 3 kiloqram 500 qram marixuana və 448 ədəd narkotik tərkibli satışı qadağan edilən “Metadon” həbləri götürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır