CƏMİYYƏT


Binəqədi rayonunda avtomobil və moped qaçıran şəxslər saxlanılıblar

Binəqədi rayonunda “Toyota Prado” markalı avtomobil oğurlanıb. Naməlum şəxs sürücünün avtomobili işlək vəziyyətdə qoyaraq nəqliyyat vasitəsini tərk etməsindən istifadə edərək maşını qaçırıb. Zərərçəkən vətəndaş ərazi üzrə Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 5-ci Polis Bölməsinə (PB) müraciət edəndən dərhal sonra nəqliyyat vasitəsinin axtarışlarına başlanılıb. Qısa zamanda görülən tədbir nəticəsində avtomobilin Yasamal rayonu ərazisində hərəkət etdiyi müəyyən edilib. Maşını qaçıran şəxs polis əməkdaşlarına tabe olmayaraq nəqliyyat vasitəsini dayandırmaq istəməsə də, 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir nəticəsində o, saxlanılıb. Polis Bölməsində araşdırma aparılan zaman avtomobili qaçıran şəxsin paytaxt sakini əvvəllər məhkum olunmuş Mirzəağa Zərbəliyev olduğu müəyyən edilib. O, ifadəsində nəqliyyat vasitəsini talamaq yox, sürmək məqsədi ilə qaçırdığını bildirib. Mirzağa Zərbəliyevin nəqliyyat vasitəsini qaçırması və idarə etməsi kameralar vasitəsi ilə qeydə alınıb.