CƏMİYYƏT


Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən dövriyyədən 35 kiloqram narkotik vasitə çıxarılıb

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkar edilərək cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində əməliyyatlar həyata keçirilib.
Belə ki, Nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının paytaxtın Nərimanov rayonunda həyata keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilinən Ramin Ağazadə saxlanılıb. Onun üzərindən və yaşadığı mənzildən 18 kiloqram 90 qram heroin, 740 qram tiryək, 152 qram qurudulmuş marixuana, 365 qram psixotrop maddə olan metamfetamin, 260 ədəd satışı qadağan olunan psixotrop tərkibli “Metadon” həbləri, 1 ədəd elektron tərəzi və 1 ədəd narkotik vasitələrin onlayn satışı zamanı pul köçürmələrində istifadə etdiyi plastik kart aşkar olunaraq götürülüb. Ramin Ağazadə ifadəsində şəxsiyyəti hələlik istintaqa məlum olmayan xarici ölkələrdən birinin vətəndaşının sifarişi ilə külli miqdarda yüksək təsiredici xassəyə malik narkotik vasitələri ayrı-ayrı şəxslərə çatdırmaq məqsədi ilə ölkə ərazisinə gətirdiyini bildirib.