CƏMİYYƏT


Azərbaycanda ibadət yerlərinin fəaliyyəti bərpa olunub

Bu gündən dini ibadət yerlərinin fəaliyyətinə icazə verilib. AZƏRTAC xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarında əks olunub.
Qərara əsasən, dini ibadət yerlərinin fəaliyyətinə eyni vaxtda ibadət üçün nəzərdə tutulan yerlərin 50 faizindən (ümumi olaraq 50 nəfərdən) çox olmamaqla icazə verilir. Çəkiliş qrupumuz paytaxt Bakıda yerləşən “Əjdərbəy məscidi”- nə üz tutub.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) açıqladığı qaydalara əsasən, yalnız COVID-19 pasportuna (peyvənd vurulmasına dair və ya immunitet sertifikatına) malik olan şəxslərin ibadət yerlərində dini ayinlərin icrasında iştirakına icazə verilir. Azyaşlı (14 yaşdan yuxarı olmayan) uşaqların ibadət yerlərinə gətirilməsinə yol verilmir. İnfeksiyasının yayılmasının qarşısının alınması məqsədilə COVID-19 xəstəliyinin əlamətlərini hiss edən şəxslər məscidə və digər ibadət yerlərinə buraxılmır.