CƏMİYYƏT


Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyi Qurban bayramı günlərində heyvanların satışı və kəsimi xidmətləri barədə məlumat yayıb

Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyi Qurban bayramı günlərində heyvanların satışı və kəsimi xidmətləri barədə məlumat yayıb. Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdir müavini Musa Əhmədov AZƏRTAC-a müsahibəsində söyləyib ki, nazirliyik tərəfindən “Kənddən Şəhərə” layihəsi çərçivəsində Bakı, Abşeron və Sumqayıt ərazisində Qurban bayramı ilə əlaqədar olaraq qurbanlıq qoyunların onlayn satış yarmarkası təşkil olunacaq. Yarmarka Nazirlər Kabineti yanında Operativ Qərargahın mövcud karantin rejimi ilə əlaqədar tətbiq etdiyi qaydalara uyğun şəkildə keçiriləcək. Qurbanlıqların onlayn şəkildə sifarişinin həyata keçirilməsi üçün www.qurbanliq.kendden.az satış portalı 16 iyul saat 00:00-dan etibarən vətəndaşların istifadəsinə veriləcək.Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mətbuat xidmətinin rəhbəri Aysel Fərziyeva məlumat verib ki, Qurban bayramı günlərində respublika üzrə 88 ünvanda fəaliyyət göstərəcək qurbanlıq heyvanların satışı və kəsimi yerlərindən 53-də həm kəsim, həm satış, 17-də qurbanlıq heyvanların satışı, 18-də isə yalnız heyvan kəsimi xidmətləri vətəndaşlara təklif olunacaqdır. Vətəndaşlar heyvanları onlayn şəkildə sifariş etməkdən əlavə, həmçinin ticarət şəbəkələrinə əvvəlcədən müraciət edərək, baytarlıq nəzarətindən keçmiş və bayram günlərində kəsilmiş sağlam qurbanlıq heyvan cəmdəklərini əldə edə bilərlər. Bu ticarət şəbəkələrinin ünvanları və əlavə məlumatları www.afsa.gov.az/uploads/satish.pdf linkə daxil olmaqla əldə edə bilərsiniz.