CƏMİYYƏT


Xırdalanda avtobus və taksilərdə maska taxmayan şəxslərə qarşı reyd keçirilib

Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən ictimai nəqliyyatda tibbi maskalardan istifadə etməyən şəxslərin aşkar edilməsi istiqamətində Xırdalan şəhərində növbəti nəzarət-profilaktik tədbir həyata keçirilib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, tədbir zamanı ictimai nəqliyyatdan istifadə edən sərnişinlərlə izahedici söhbətlər aparılıb. Yol polisləri onları ictimai nəqliyyatda olan zaman tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, yəni maskalardan istifadə etməyin zəruriliyi barədə məlumatlandırıblar.
Profilaktik tədbir zamanı ictimai nəqliyyat vasitələrində maskadan istifadə etməyən sərnişinlər və sürücülər Abşeron rayon Dövlət Yol Polisinin əməkdaşları tərəfindən müəyyən ediliblər. Tibbi maskadan istifadə etməyən şəxslər avtobuslardan düşürülüb, onlar barəsində inzibati tənbeh tədbirləri görülüb.