CƏMİYYƏT


FHN: Ötən sutka ərzində üç nəfər xilas edilib

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 87 halda yanğına çıxış və köməksiz vəziyyətdə qalma faktı üzrə 3 halda qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ qaydada söndürülüb, insanların həyatı xilas olunub. Ümumilikdə, ötən sutka ərzində üç nəfər xilas edilib.
Qeyd edək ki, Oğuz rayonunun Baş Daşağıl kəndi yaxınlığında “Hacıyusif yaylağı” adlanan ərazidə 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olduqdan sonra vətəndaşın olduğu yer dəqiq müəyyənləşdirilib və müvafiq xilasetmə qüvvələri əraziyə cəlb edilib. Çətin keçilən mürəkkəb relyefli ərazidə həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaş xərək vasitəsilə təhlükəsiz əraziyə təxliyə olunub və aidiyyəti üzrə təhvil verilib.