CƏMİYYƏT


Türkiyədə olan Azərbaycan FHN-in qüvvələrinin fəaliyyəti yüksək qiymətləndirilir

Məlumat verildiyi kimi, Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin rəhbərlik etdiyi Nazirliyin məsul vəzifəli əməkdaşları da Türkiyə Respublikasında səfərdədir.
Səfər çərçivəsində nazir müavini E.Mirzəyev Marmarisdə Böhranların İdarə edilməsi Mərkəzində Türkiyə Respublikasının daxili işlər nazirinin müavini Mehmet Ersoyla görüşüb. E.Mirzəyev Azərbaycan FHN-in yanğın-xilasetmə qüvvələrinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, qardaş Türkiyə Respublikasına gəldiyini deyib. Nazir müavini səfərinin məqsədinin Türkiyəyə yardıma gələn Azərbaycan yanğın-xilasetmə qüvvələrinin koordinasiyasının idarə edilməsinin təşkili olduğunu vurğulayıb. Etibar Mirzəyev Azərbaycan FHN-in qüvvələrinin yanğınsöndürmə istiqamətindəki fəaliyyəti barədə ətraflı danışıb. Nazir müavini E.Mirzəyev Azərbaycan Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələrinin növbəti qrupunun da artıq qardaş Türkiyə Respublikasında olduğunu xatırladaraq, qrupun tərkibi və imkanları barədə ətraflı məlumat verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır