CƏMİYYƏT


Tovuzda aptekdən oğurluq etmək istəyən şəxs saxlanılıb

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mühafizə İdarəsinin Tovuz rayon regional mühafizə şöbəsinin əməkdaşları oğurluq edən şəxsi “iş başında” saxlayıblar.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, gecə saatlarında şöbəyə rayon ərazisindəki apteklərdən birinə kənar şəxsin qeyri-qanuni yolla daxil olması barədə “həyəcan” siqnalı daxil olub. Dərhal Mühafizə Polisinin əməkdaşları hadisə yerinə gəlib və aptekin arxa pəncərəsini sındıraraq içəri daxil olan şəxsi saxlayıb. Araşdırmalar nəticəsində məlum olub ki, cinayəti törədən şəxs əvvəllər məhkum olunmuş Elçin Rzayev içəri daxil olaraq oradan nağd pul oğurlamaq istəyib.