CƏMİYYƏT


Azərbaycan yanğınsöndürənləri Türkiyədə meşə yanğınları ilə mübarizəni davam etdirirlər

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, hazırda Türkiyədə olan Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq yanğın-xilasetmə qüvvələri meşə yanğınları ilə mübarizə tədbirlərini uğurla davam etdirirlər.
Nazirlikdən verilən məlumata görə, ötən sutka ərzində FHN-in qüvvələri qardaş Türkiyənin Köycegiz bölgəsinin Köycegiz, Pınar, Karayer, Kavacık, Cayhisar, Otmanlar rayonu, Kavaklı dərə bölgəsinin Hüseyn Yayla rayonu və Məntəşə bölgəsinin Yılanlı rayonunda yanğınlarla mübarizə aparıblar. Bu rayonlarda müvafiq olaraq yanğınların kəşfiyyatı, söndürülmə və soyutma tədbirləri həyata keçirilib, yanğınların yayılması və infrastruktur obyektlərinə keçməsinin qarşısı alınıb.