CƏMİYYƏT
Gəncədə ümumşəhər iməcliyi keçirilib, küçə və prospektlərdə dezinfeksiya işləri aparılıb
14.08.2021 [15:26]
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırıq və tövsiyələri, Nazirlər Kabineti yanında Operativ Qərargahın göstərişlərinə uyğun olaraq, Gəncədə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirləri davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər veriri ki, şəhərdə tərtib edilmiş qrafikə uyğun olaraq növbəti dəfə dezinfeksiya işləri aparılıb. Səhər saatlarından başlayaraq Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin texnikaları vasitəsilə Gəncənin əsas küçə və prospektləri xüsusi dezinfeksiyaedici məhlulla yuyulub. Buna paralel olaraq, park və xiyabanlarda, bank və ATM-lərin qarşısında, dayanacaqlarda, habelə əhalinin sıxlıq təşkil etdiyi digər ərazilərdə dezinfeksiya işləri görülüb. Çoxmənzilli yaşayış binalarının ətrafında, həyət, giriş qəfəsləri və liftlərində də tibbi-profilaktiki tədbirlər həyata keçirilib.