CƏMİYYƏT


Qəbələdə meşə yanğınları davam edir

Qəbələ rayonunun Solquca kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə qeydə alınmış meşə yanğınının genişlənməsinin qarşısının alınması və söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Ərazidə, əsasən, kol-kos və qismən ağaclar yanır.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri, həmçinin Aviasiya dəstəsinin 2 ədəd helikopteri yanğının söndürülməsi istiqamətində əməliyyatları davam etdirirlər. Yanğınsöndürmə işlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və bir qrup yerli sakin də iştirak edir.
Relyefin mürəkkəbliyi və mütəmadi güclənən küləkli hava şəraiti ilə müşayiət olunan çətin əməliyyat şəraitinə baxmayaraq, yanğınla mübarizə tədbirləri fasiləsiz olaraq davam etdirilir.