CƏMİYYƏT
Narkotiklərin qanunsuz dövriyyəsini həyata keçirən daha 20 nəfər saxlanılıb
18.08.2021 [10:53]
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, sosial şəbəkələrdə onlayn yolla satışı ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyatlar həyata keçirilib.
Baş İdarə əməkdaşlarının paytaxtın Nizami və Yasamal rayonunda həyata keçirdikləri əməliyyatlar zamanı qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən külli miqdarda narkotik maddələri qəbul edib hissə-hissə onlayn yolla əvvəlcədən deyilən ünvanlara qoymaqla satışını təşkil edən, həmçinin narkotik vasitələrin satışından əldə edilən çirkli pulların müxtəlif yollarla xarici ölkələrdəki banklara transfer olunmasına köməklik göstərən Xəyal Quluzadə, onun tanışı Aydın Kərimov və Zaur Məmmədov saxlanılıblar. Xəyal Quluzadə və Aydın Kərimovun üzərində şəxsi axtarış aparılan zaman onlardan 100 qrama yaxın, paytaxtın Nizami rayonunda yaşadıqları evdən isə əlavə 3 kiloqram 205 qram heroin, 794 qram tiryək, 2 kiloqram 400 qram marixuana və 1 kiloqram 30 qram metamfetamin aşkar olunub. Zaur Məmmədovun üzərindən və yaşadığı evdən isə ümumilikdə 11 kiloqram 650 qram heroin aşkar edilib.