CƏMİYYƏT


FHN Nizami rayonu ərazisində baş verən yanğınla bağlı məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi (FHN) paytaxtın Nizami rayonu ərazisində baş verən yanğın hadisəsi ilə bağlı məlumat yayıb.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, avqustun 24-də saat 14:35-də nazirliyin 112 - qaynar telefon xəttinə Heydər Əliyev prospektində hasar üzlüyündə yanğın barədə məlumat verilib. Saat 14:41-də FHN Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə çatıb.
Yanğınsöndürənlərin çevik və peşəkar fəaliyyəti sayəsində yanğının genişlənməsinin qarşısı alınıb. Cəmi doqquz dəqiqə sonra - saat 14:50-də məhdudlaşdırılan yanğın saat 15:00-da tam söndürülüb.