Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə məlumatı
27.08.2021 [16:09]
Daxil olmuş məlumat əsasında keçirilən müvaffiq tədbirlər nəticəsində müəyyən edilib ki, Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən Şəhər Poliklinikasında pul müqabilində bəzi vətəndaşlara dair məlumatların vaksinasiya prosesində iştirak etmədən “e-TƏBİB” elektron qeydiyyat sisteminə yerləşdirilməsi və bununla da həmin şəxslərin guya vaksinasiya olunmaları ilə bağlı saxta COVİD-19 pasportu ilə təmin edilməsi həyata keçirilir. Paytaxtın Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı bu qanunsuz fəaliyyətlə məşğul olmaqda şübhəli bilinən paytaxt sakini S.Həsənova, tanışları həmin poliklinikanın sahə həkimi R.Əliyeva və qeyd edilən tibb müəssisəsinin həkim-terapevti G.Mədətzadə saxlanılıblar.Aparılan araşdırmalar zamanı məlum olub ki, onlar qabaqcadan əlbir olaraq müraciət edən bəzi vətəndaşlara pul müqabilində xəstəxanaya belə gəlmədən guya vaksinasiyadan keçib peyvənd olunmalarını özündə əks etdirən saxta sənəd təqdim ediblər.