CƏMİYYƏT


Gəncədə qanunsuz narkotik saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıb

Gəncə Şəhər Baş Polis İdarəsi (ŞBPİ) və onun tabeli qurumlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı kompleks əməliyyat-axtarış tədbirlərini davam etdirir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Baş İdarənin Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini İbrahim Qocayev saxlanılaraq ŞBPİ-nə gətirilib. Onun üzərinə baxış keçirilən zaman qurudulmuş marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxsin ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində gizlətdiyi 3 kiloqram 895 qram qurudulmuş marixuana aşkar olunub.