Azərbaycan Dövlət İnformasiya Agentliyi

Narkotik satan şəbəkənin daha 9 üzvü saxlanılıb

30.08.2021 [17:58]

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətiriləcək realizə olunması və sosial şəbəkələrdə onlayn yolla satışı ilə məşğul olan şəxslərin ifşa edilmələri istiqamətində silsilə əməliyyatlar davam etdirilir.
Baş İdarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Yardımlı rayonu Mirimli kəndi ərazisində həyata keçirdikləri növbəti tədbir zamanı həmin kənd sakini Ağagül Qarayev narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsini təşkil etməkdə şübhəli bilindiyi üçün saxlanılıb. Onun Mirimli kəndində yerləşən evinin həyətindəki yardımçı tikiliyə baxış zamanı 52 kiloqram 49 qram heroin, 328 qram marixuana, 2 kiloqram 585 qram psixotrop maddə metamfetamin və 300 ədəd satışı qadağan olunan psixotrop tərkibli metadon həbi aşkar olunub.