CƏMİYYƏT


FHN: Ötən sutka 64 halda yanğına çıxış üzrə əməliyyatlar həyata keçirilib

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 64 halda yanğına çıxış, köməksiz vəziyyətdə qalma faktı üzrə 5 və intihara cəhd faktı üzrə 1 qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ qaydada söndürülüb, insanların həyatı xilas olunub. Ümumilikdə, ötən sutka ərzində səkkiz nəfər, o cümlədən dənizdə çimərlik ərazisində batma təhlükəsi olan iki nəfər, Bakı şəhərinin Nəsimi rayonunda intihara cəhd edən bir nəfər xilas edilib. Həmçinin nazirliyin dalğıc-axtarış qrupu Yuxarı Qarabağ kanalının Ağcabədi rayonunun Salmanbəyli kəndi ərazisindən keçən hissəsində batmış bir nəfərin axtarış işlərinə cəlb olunub.