MƏDƏNİYYƏT


“Nargin – saralmış kədər” və ya gələcək nəsillərə yönəlmiş manifest

Tarixi roman yazmaq çox çətindir. Bunun öhdəsindən layiqincə gəlməyi bacaran Yunis Orucovun bu romanında insan taleləri, ağır həyat dramları sanki tarixin canlı şahidləri kimi görünür. Üstündən 100 ildən çox vaxt keçsə də, bu mövzunun hələ də aktuallığını qoruyub saxlaması bir çox mətləblərdən xəbər verir. Çünki biz Nargin əsirlərinin taleyinə yalnız Birinci Dünya müharibəsinin gətirdiyi fəlakətlər, qardaşlarımızın üzləşdiyi faciələr prizmasından deyil, ən çətin anlarda polad birliyimizin nümayişi bucağından baxırıq. Ortaq tariximizdə iz qoymuş Çanaqqala döyüşləri, Nuru paşanın komandanlığı altında Bakının işğalçılardan azad edilməsi, İstiqlal savaşında azərbaycanlıların iştirakı, 44 günlük Vətən müharibəsində ölkəmizə birmənalı dəstək göstərməsi və yüzlərlə bu kimi qürur duyduğumuz hadisələri xatırlamaq yerinə düşər.