CƏMİYYƏT


Şəhid ailəsinə guya övladlarının sağ olduğunu deyərək onları aldadan şəxslər saxlanılıblar

Vətən müharibəsində iştirak edərək qəhrəmancasına həlak olmuş şəhidlərimizdən birinin qohumlarının Daxili İşlər Nazirliyinə etdikləri müraciətlə əlaqədar zəruri əməliyyat tədbirlərinə başlanılıb.
Araşdırma zamanı həmin şəhidin döyüşlərdə həlak olandan sonra yaşadığı rayonda dəfn edildiyi, bundan sonra onun anasının övladının bəlkə də, dünyasını dəyişmədiyini, şəhidin isə başqa birisi olduğunu zənn edərək çıxış yolunu “falçı”lara müraciət etməkdə gördüyü müəyyən edilib. Bu məqsədlə o, Xəzər rayonunda yaşayan və “falçı” kimi tanıdığı bir qadına müraciət edib. Həmin şəxs 100 manat pul müqabilində “fala” baxaraq övladının dünyasını dəyişmədiyini və əsirlikdə olduğunu anasına bildirərək onu aldadıb. Sonradan falçının oğlu İxtiyar Orucov və şəhidin yaxın qohumu Balaxan Hüseynlinin ünsiyyətləri yaranıb və onlar əlbir olaraq şəhidin ailə üzvlərinə dövlət tərəfindən ayrılan pulu, eləcə də onların əlində olan əlavə maddi vəsaitləri dələduzluq yolu ilə ələ keçirmək barədə razılığa gəliblər.
Bundan sonra adları çəkilən şəxslər öz çirkin əməllərini həyata keçirmək üçün şəhidin fotolarını montaj edərək guya onun əsirlikdə sağ olmasını özündə əks etdirən yeni şəkillər hazırlayıblar. Bu şəxslər hətta qrim ustasının yanına gedərək guya şəhid haqqında sənədli film çəkiləcəyini qeyd ediblər. Balaxan Hüseynlinin qrimdən istifadə edərək şəhidə bənzədilməsinə nail olublar. Balaxan Hüseynlinin qrimlənmiş şəkillərini və videogörüntülərini şəhidin anasına göstərərək onu övladının sağ olduğuna inandırmağa nail olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır