CƏMİYYƏT


Sosial şəbəkələrdə onlayn narkotik satan daha bir şəbəkə ifşa edildi

Daxili İşlər Nazirliyi tərəfindən təmassız, yəni onlayn yolla narkotik vasitə və psixotrop maddələrin sosial şəbəkələrdə satışı ilə məşğul olan, bu yolla əldə olunan külli miqdarda pul vəsaitlərinin qeyri-leqal yolla dövriyyəsinə nəzarət edən daha bir mütəşəkkil cinayətkar dəstənin üzvlərinin ifşa edilməsi istiqamətində növbəti əməliyyat-axtarış tədbiri keçirilib.

Tədbir zamanı əvvəlcə Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən "İnstagram" və digər sosial şəbəkələr vasitəsi ilə ölkə ərazisində narkotiklərin satışı ilə məşğul olan səhifələrin hərtərəfli monitorinqi aparılıb və əldə edilən məlumatlar təhlil edilib. Əməliyyat yolu ilə əldə olunan elektron sübutlar və digər materiallar araşdırılan zaman müəyyən olunub ki, "İnstagram" sosial şəbəkəsində açılmış səhifələr vasitəsi ilə narkotik maddələr, əsasən "patı", "şüşə" adlanan metamfetamin və "kola", "kakos" adlanan heroinin satışı təşkil olunur. Həmin səhifələrdə müxtəlif banklara məxsus kartların şəkilləri "Whatsapp" ani mesajlaşma tətbiqi ilə alıcılara göndərilir. Ölkə daxilində alıcılar həmin kartlara pul ödədikdən sonra narkotik vasitələr kuryerlər vasitəsi ilə onlara çatdırılır. "İnstagram" sosial şəbəkəsində fəaliyyət göstərən çoxsaylı belə səhifələrin ünvanları dəqiqləşdirilib və Nazirliyin "Facebook" şirkəti ilə qarşılıqlı əməkdaşlıq fəaliyyəti çərçivəsində həmin səhifələrin xarici ölkələrdən idarə olunduğuna dair rəsmi cavab alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır