CƏMİYYƏT


Milli Məclisin üzvləri Sumqayıt Məhkəmə Kompleksində yaradılan müasir şəraitlə tanış olub

Sentyabrın 24-də Ədliyyə Nazirliyi və Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi tərəfindən Sumqayıt Məhkəmə Kompleksində “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə məhkəmə-hüquq sisteminin inkişafı: çağırışlar, islahatlar və innovasiyalar” mövzusunda ictimai təqdimat keçirilib. Tədbirdə ədliyyə nazirinin müavini Toğrul Musayev, Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, deputatlar, Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov və Ədliyyə Nazirliyinin məsul əməkdaşları iştirak ediblər. Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Tofiq Paşayev tədbir iştirakçılarını Sumqayıt Məhkəmə Kompleksində yaradılan müasir şəraitlə, o cümlədən ictimai və inzibati zonalar, məhkəmə iclas zalları, hakimlər üçün və digər otaqlarla, “Elektron məhkəmə” informasiya sistemi və tətbiq edilən rəqəmsal innovasiyalarla tanış edib.