CƏMİYYƏT


Mürəbbəni bişirmək, almaqdan daha ucuz başa gəlir

Qabaqdan qış fəsli gəlir. Bölgələrdə xüsusən meyvə və tərəvəz yığımının davam etdiyi dövrdə müxtəlif cür mürəbbə və meyvə şirələri hazırlanır, qışa azuqə toplanır.AZƏRTAC xəbər verir ki, hazırda Ağstafanın Dağkəsəmən kəndində heyva bağlarında məhsul yığımı davam edir. Evlərdə bu meyvənin mürəbbəsi bişirilir. Kənd sakini Salatın Abdullayeva deyir ki, hər evdə olduğu kimi, o da qışa hazırlıq görür: “İndi heyva mürəbbəsi bişirmək üçün yaxşı zamandır. Heyva mürəbbəsi bişirərkən su və şəkərdən başqa, zövqə uyğun olaraq mixək və ya qoz ləpəsi də əlavə edirik. Hazırkı soyuq dövrdə bu mürəbbə bronxlara və ürəyə çox xeyirlidir. Heyva mürəbbəsi hazır olduqdan sonra onu qablara yığıb saxlayırıq”.