CƏMİYYƏT


Qayalıqlardan dırmanaraq Şuşada döyüşən xüsusi təyinatlı çavuş Zeynal Məmmədov

Ötən ilin iyulundan Daxili Qoşunların Lənkərandakı “N” saylı hərbi hissədə xidmətini davam etdirən çavuş Zeynal Məmmədov yaralandığı günədək xüsusi təyinatlı dəstənin həmlə qrupunda atıcı-snayper kimi vəzifə borcunu ləyaqətlə yerinə yetirib. İşğal altında olan müqəddəs torpaqlarımızı azad görmək və bu amal uğrunda başlayacaq döyüşlərdə iştirak etmək hər bir xüsusi təyinatlı kimi Zeynalın da ən böyük arzusu olub. 44 günlük Vətən müharibəsinə qatılan çavuş Zeynal Məmmədov Füzuli və Şuşa istiqamətlərində aparılan hərbi əməliyyatlarda fəal iştirak edib. Şuşa döyüşləri zamanı çoxsaylı qəlpə yarası alan qazi həyatda sağ qalmasının bir möcüzə olduğunu deyir. Çavuş Zeynal Məmmədov Gülməddin oğlu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Qəhrəman hərbiçi döyüş yolu haqqında AZƏRTAC-a danışıb.