CƏMİYYƏT


Son 10 gün ərzində keçirilən əməliyyatlar zamanı 26 nəfər saxlanılıb

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə, əllərdə saxlanılan odlu silah-sursatların aşkar olunmasına, həmçinin oğurluqlar edən şəxslərə qarşı son 10 gün ərzində rayon ərazisində silsilə əməliyyat tədbirləri həyata keçiriblər. Rayonun Hövsan, Əmircan, Bülbülə və Yeni Günəşli qəsəbələrində qeyd olunan hüquqazidd əməllər törədən 26 nəfər saxlanılıb.
Əməliyyat zamanı əvvəlcə Hövsan qəsəbəsində paytaxt sakini Rafiz Mustafayev saxlanılıb. Onun üzərindən 1 ədəd yivli avtomatik tapança, 1 ədəd daraq, 6 ədəd patron aşkar edilib. Əmircan qəsəbəsində həyata keçirilən digər əməliyyat zamanı isə Abidin Ağayev və Zaur Ağayev saxlanılaraq istintaqa təqdim ediliblər. Abidin Ağayevin yaşadığı evə baxış zamanı 1 ədəd əl qumbarası, 11 ədəd patron, 1 ədəd sənədləri olmayan ov tüfəngi, 1 ədəd pnevmatik tapança və 92 qram heroin aşkar edilib. Zaur Ağayevin qəsəbə ərazisində yaşadığı ünvandan isə 1 kiloqram 270 qram marixuana, 18 qram heroin, 48 qram metamfetamin, eləcə də tiryək, 10 ədəd psixotrop tərkibli metadon və preqabalin həbi, 2 ədəd elektron tərəzi və 1 ədəd sənədləri olmayan ov tüfəngi aşkar edilib.