CƏMİYYƏT


Sabunçu rayonunda qəlyandan istifadəyə şərait yaradan çay evinin sahibi və müştəriləri cərimələnib

Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq hələ də bəzi ictimai-iaşə obyektlərində müştərilərə qəlyan təklif edilməsi hallarına rast gəlinməkdədir. Qeyd edilən mənfi halların qarşısının alınması, qəlyandan istifadə edilməsinə şərait yaradan məkanların aşkarlanması istiqamətində polis əməkdaşları tərəfindən nəzarət-profilaktik tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, növbəti belə tədbir zamanı Sabunçu rayonunun Zabrat qəsəbəsindəki “Frend House” çay evində qəlyandan istifadə edilməsi barədə polisə məlumat daxil olub. Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları həmin ünvana baxış keçiriblər. Orada qəlyandan istifadə edən 16 nəfərin hər biri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə dörd yüz, çay evinin sahibi Teymur Quliyev isə dörd min manat məbləğində cərimələnib.