CƏMİYYƏT


Polis narkoruryerliyə cəlb olunan 2 nəfəri saxlayıb

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində növbəti əməliyyat həyata keçirilib.
Əldə edilmiş məlumat əsasında həyata keçirilən tədbir zamanı Masallı rayon sakini Fərhad Nuroğlu və paytaxt sakini Ramin Qurbanov narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindikləri üçün saxlanılıblar. Onlardan 6 qramdan artıq heroin və metamfetamin götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq Ramin Qurbanovun paytaxt ərazisində yaşadığı mənzildən ümumi çəkisi 31 kiloqramdan çox narkotik vasitə və psixotrop maddə, o cümlədən 22 kiloqramdan artıq heroin, 7 kiloqrama yaxın “patı”, “şüşə” adlanıdırılan metamfetamin və 2 kiloqram tiryək aşkar edilib.