CƏMİYYƏT


İsmayıllıda avtomobil yol kənarında olan iki nəfəri vurub

İsmayıllıda 2 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə ötən gün saat 18:20 radələrində İsmayıllı şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, rayon sakini 1966-cı il təvəllüdlü Ağamirzəyev Fazil Səməd oğlu idarə etdiyi 10-LZ-067 dövlət nömrə nişanlı "VAZ 2107" markalı minik avtomobili ilə yol kənarındakı piyada səkisində hərəkət edən iki nəfəri - İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının terapiya şöbəsinin müdiri, 1975-ci il təvəllüdlü Abbasov Elçin Şahsuvar oğlunu və onun qohumu 1981-ci il təvəllüdlü Əzizov Rövşən Aydın oğlunu vurub. Yaralılar dərhal rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər. Vəziyyətləri ağır olduğu üçün ilkin tibbi yardım göstərildikdən sonra hər ikisi Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriliblər.