CƏMİYYƏT
Vətəndaşların pulunu ələ keçirən “Crowd1” şirkətinin üzvləri saxlanılıblar
29.11.2021 [16:12]
Daxili İşlər Nazirliyinə son dövrlərdə əsasən sosial şəbəkələrdə maliyyə piramidası şəklində şəbəkə quraraq dələduzluq sxemi yaradıb vətəndaşların külli miqdarda pul vəsaitlərinin ələ keçirildiyi barədə zərərçəkənlərdən çoxsaylı şikayətlər daxil olub. Bu məlumatlar Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində hərtərəfli araşdırılıb və təhlil edilib. Araşdırma zamanı Azərbaycanda son dövrlər xüsusən internet istifadəçiləri arasında əsası 2018-ci ildə xarici ölkələrdən birində qoyulan “Crowd-1” dələduzluq sxeminin toruna düşən şəxslərin üstünlük təşkil etdiyi müəyyən edilib.
Baş İdarənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ölkə ərazisində yayılmış “Crowd-1” dələduzluq sxeminə rəhbərlik edən şəxslər müəyyən edilib. Qeyd olunan beynəlxalq dələduzluq piramida sxemini təşkil etməklə ona rəhbərlik edən Habil Bədəlov və digər 5 şəxs ətrafında əməliyyat-texniki tədbirlər keçirilib, dəstənin cinayət əməlləri barədə sübutlar toplanılıb. Şəbəkəyə rəhbərlik edən Habil Bədəlov və üzvləri Amin Hüseynov, Əlövsət Mazandarov, Səbahir Fərzəliyev, Yasin Əmirli və Göyçək Dünyamalıyeva qısa zamandan saxlanılaraq Baş İdarəyə gətirilib və onlar ilkin izahatlarında “Crowd-1”in piramida dələduzluq sxemi olduğunu etiraf ediblər. Onlara məxsus Bakı və Gəncə şəhərlərində yerləşən ofislərə baxış keçirilən zaman iş üzrə əhəmiyyət kəsb edən elektron sübutlar aşkar olunaraq götürülüb.