CƏMİYYƏT


Suraxanıda narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücü saxlanılıb

Suraxanı Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti tədbir zamanı narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan daha bir sürücü müəyyən edilib. Hövsan qəsəbəsində yaşayan Emin Zeynalov idarə etdiyi “Mersedes” markalı avtomobilin sükanı arxasında olan zaman nəzarət-yoxlama qaydasında saxlanılıb. İlkin sorğu zamanı sürücü avtomobili narkotik vasitə qəbul edərək idarə etdiyini etiraf edib. Təyin olunan ekspertiza zamanı Emin Zeynalovun sükan arxasında narkotik vasitənin təsiri altında olduğu sübuta yetirilib. Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub. Emin Zeynalovun törətdiyi qanun pozuntusuna hüquqi qiymət verilməsi üçün toplanmış material məhkəməyə göndərilib.