CƏMİYYƏT


Suraxanıda 8 kiloqrama yaxın narkotik maddə qanunsuz dövriyyədən çıxarılıb, 30 nəfər saxlanılıb

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən yanvarın ilk 10 günü ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 30 nəfər saxlanılıb, qanunsuz dövriyyədən 8 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə çıxarılıb.
İdarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Hövsan, Əmircan və Yeni Günəşli qəsəbələrində həyata keçirdikləri tədbirlər zamanı əvvəlcə 5 nəfər saxlanılıb. Əməliyyatlar nəticəsində tutulan Əfraim Dərbəndəliyevdən 1 kiloqram 430 qram marixuana, Ramin Abdullayevdən 60 qram heroin, Şamil Abbasovdan ümumilikdə 500 qrama yaxın heroin, həmçinin metamfetamin, Bəhruz Hüseynovdan 52 qram marixuana, Elçin Seyfullayevdən 1 kiloqram 425 qram heroin, 4 kiloqrama yaxın marixuana və 1 ədəd elektron tərəzi aşkar olunub. Adları sadalanan şəxslər narkotik vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər.