Bakıda anbardar işlədiyi obyektdən 14 min manatlıq metal-mis oğurlayıb
18.01.2022 [11:50]
Yanvarın 11-də paytaxt sakini olan bir nəfər Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, ona məxsus Dərnəgül qəsəbəsində yerləşən anbardan naməlum şəxslər tərəfindən 14 min manat dəyərində metal-mis ləvazimatlar oğurlanıb. Bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini İlham Quliyev və tanışı Nasif Qurbanov saxlanılıblar.
Araşdırma zamanı müəyyən edilib ki, İlham Quliyev hadisə baş verən obyetdə anbardar işləyir. O, Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olan Nasif Qurbanovu yanvarın 9-da anbara çağrııb. Həmin şəxslər birlikdə oğurladıqları əşyaları Nasif Qurbanovun avtomobili ilə Sabunçu rayonuna apararaq orada metal qəbulu məntəqələrindən birinə satıblar. Əlavə araşdırmalar zamanı müəyyən edilib ki, həmin şəxslər eyni obyektdən əvvəllər də müxtəlif vaxtlarda 3 dəfə oğurluq ediblər.