CƏMİYYƏT
Bakıda ahıl kişinin başına daşla vuraraq ona qarşı quldurluq edən şəxs saxlanılıb
Yanvarın 17-də paytaxtın Binəqədi rayonu, Biləcəri dəmiryolu stansiyasının ərazisində şəxsiyyəti istintaqa məlum olmayan bir nəfər vətəndaş Həmid Ağayevə yaxınlaşıb onun baş nahiyyəsinə daş parçası ilə vuraraq yerə yıxıb. Daha sonra həmin şəxs zərərçəkənin üzərində olan 540 manat pulu quldurluq yolu ilə ələ keçirib.
Faktla bağlı Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Biləcəri Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və zərərçəkənin izahatı alınıb. Şöbə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən quldurluq hadisəsini törətməkdə şübhəli bilinən paytaxt sakini əvvəllər dəfələrlə quldurluq və soyğunçuluq cinayətləri etdiyi üçün məhkum edilmiş Samir Xudaverdiyev saxlanılaraq Polis Şöbəsinə gətirilib və istintaqa təhvil verilib. Samir Xudaverdiyev ifadəsində hadisə günü zərərçəkəni metronun “28 May” stansiyasının yaxınlığında gördüyünü və onu Biləcəri qəsəbəsinə qədər təqib edərək orada həmin şəxsə qarşı quldurluq etdiyini bildirib.