CƏMİYYƏT
Nərimanovda obyektlərdən birindən içərisində 63 min manat olan seyfi oğurlayan şəxslər saxlanılıblar
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, zərərçəkən polisə müraciət edərək yanvarın 24-də naməlum şəxslərin obyektə daxil olduğunu və xəzinədarın otağından içərisində 63 min manat məbləğində pul olan seyfin oğurlandığını bildirib. Məlumat daxil olan kimi hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb. Nərimanov Rayon Polis İdarəsinin və 17-ci polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Burxan Əliyev və tanışı Orxan Ələkbərov saxlanılıblar. Onlar ifadələrində törətdikləri hadisəni etiraf ediblər. Bu şəxslərdən oğurladıqları pulun bir hissəsi aşkarlanaraq maddi sübut kimi götürülüb. Araşdırma zamanı müəyyənləşdirilib ki, həmin obyektdən oğurluq etməyi Burxan Əliyev təklif edib. Onlar oğurladıqları seyfi Mehdiabad qəsəbəsinə Burxan Əliyevin evinə apararaq orada sındırıblar.