Xəzər rayonunda içərisində pul və qızıl-zinət əşyaları olan seyf oğurlanıb
11.02.2022 [12:58]
Fevralın 4-də Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən evlərdən birindən oğurluq edilib. Zərərçəkən ev sahibi polisə müraciət edərək evdə olmadıqları müddətdə naməlum şəxslər tərəfindən mənzildən içərisində 2000 dollar, 34 min manatlıq qızıl-zinət əşyaları və sənədlər olan seyfin oğurlandığını bildirib. Məlumat daxil olan kimi hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb. Xəzər Rayon Polis İdarəsi və 1-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən İsmayıl Abbasov və tanışı Elnur İsmayılov qısa zamanda saxalanılıblar. Onlar ifadələrində törətdikləri hadisəni etiraf ediblər.