Mehdiabadda silah və narkotik maddələrin satışı ilə məşğul olan şəxs saxlanılıb
11.02.2022 [13:59]
Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Mehdiabad qəsəbəsində həyata keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat və külli miqdarda narkotik maddə saxlayan şəxs tutulub. Bölməyə əvvəllər məhkum olunmuş Niyaməddin Paşayevdə odlu silah olması barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxs saxlanılıb və onun əlindəki bağlamaya baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı istifadəyə yararlı avtomat, 9 ədəd patron, daraq və 320 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb. Niyaməddin Paşayev odlu silah-sursatı bir müddət əvvəl tapdığını, polisə təhvil verməyərək gizlətdiyini bildirib. Həmin şəxs ifadəsində silahı və narkotik vasitəni satmaq məqsədi ilə əldə etdiyini qeyd edib.