CƏMİYYƏT


Reza Deqati: Ömrümün axırına kimi Xocalı faciəsini dünyaya tanıtdırmağa çalışacam

Ömrümün axırına kimi Xocalı soyqırımını dünyaya tanıtdırmağa çalışacam. Bu faciəni bütün dünya çatdırmaq lazımdır. Bu fikirləri AZƏRTAC-a müsahibəsində dünya şöhrətli fotoqraf Reza Deqati deyib. 1990-cı illərdən başlayaraq Azərbaycana müntəzəm səfərlər edən Reza Deqati işğal nəticəsində doğma yurdlarından didərgin salınmış, doğmalarını itirmiş insanları lentə alıb, müxtəlif ölkələrdə bu mövzuda sərgilər təşkil edib, KİV-ə müsahibələr verib. O, indi də azad edilmiş torpaqlarımızda çəkilişlər aparır, Ermənistanın işğal dövründə Qarabağda törətdiyi ağlasığmaz vəhşilikləri və dağıntıları, əsil həqiqətləri fotoların dili ilə beynəlxalq ictimaiyyətə çatdırmağa çalışır. Reza Deqati AZƏRTAC-la yaxından əməkdaşlıq edir, Azərbaycana hər gəlişində bizim qonağımız olur, Qarabağda gördüklərlərindən danışır, uzaq-yaxın illərin xatirələrini bölüşür. Onun saytımızda yayımlanan müsahibələri izləyicilər tərəfindən həmişə maraqla qarşılanır. İnanırıq ki, bu dəfə də belə olacaq.