DÜNYA


Şanxayda COVID-19 səbəbindən qapanmanın 2-ci mərhələsi başlayıb

Çinin maliyyə mərkəzi və ən iri liman şəhəri olan Şanxayda COVID-19 virusunun yayılması səbəbindən tətbiq olunan qapanmanın ikinci mərhələsi başlayıb.
AZƏRTAC şəhər hökumətinin məlumatına istinadla xəbər verir ki, bu mərhələdə aprelin 1-dən 5-dək şəhəri yarıya bölən Huanpu çayının qərb sahilindəki 12 rayonda qapanma tətbiq olunacaq. Pusi adlanan bu ərazidə sakinlərin evlərini tərk etməsinə icazə verilmir. Bundan başqa, şəhərdaxili avtobusların, metronun, taksilərin, bərələrin hərəkəti dayandırılıb. Virusa yoluxma hallarını müəyyən etmək üçün qapanma tətbiq olunan ərazidə yaşayan təxminən 16 milyon nəfər 2 dəfə kütləvi test prosesində iştirak edəcək. Bunun üçün bir neçə min səyyar məntəqə təşkil olunub və 20 minə yaxın tibb işçisi prosesə cəlb edilib.